"Rusiya ABŞ-də görüşə qarşıdır" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna ilə bağlı danışıqları öz ərazisində keçirməyi təklif etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə BBC-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, İranla bağlı münaqişə fonunda ABŞ tərəfi Ukrayna böhranının nizamlanması üçün hər iki tərəfi öz ərazisində qəbul etməyə hazır olduğunu bildirib.
Ukrayna prezidenti qeyd edib ki, Kiyev bu təklifə razıdır, lakin Rusiya tərəfi ABŞ-da görüş keçirilməsinə qarşı çıxır.
“ABŞ tərəfi İranla bağlı müharibəyə görə bildirdi ki, hər iki tərəfi Amerikada qəbul etməyə hazırdır. Biz iştirakımızı təsdiqlədik, lakin Rusiya ABŞ-da görüşə qarşıdır. Hazırda tarix və məkanla bağlı təkliflər irəli sürərək diqqəti ABŞ üzərində cəmləməyə çalışırıq. Ukrayna istənilən tarix və məkanı dəstəkləyəcək, lakin qətiyyən Rusiyada yox”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, İran münaqişəsinə baxmayaraq, Ukrayna və Rusiya nümayəndə heyətləri ABŞ tərəfi ilə gündəlik əlaqə saxlayır. Bununla belə, Zelenski İranla bağlı vəziyyətin sülh danışıqlarına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlığını ifadə edib və görüşlərin davamlı olaraq təxirə salındığını vurğulayıb.
Martın 15-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna üzrə sülh danışıqlarında İran münaqişəsi səbəbindən fasilə yarandığını bildirib.
Nuriyyə NATİQQIZI













