"Aİ-nin Rusiya neftinə qadağası Avropa iqtisadiyyatına ciddi zərər verə bilər" - Siyarto
Aİ-nin Rusiya neftindən imtinası iqtisadiyyata ciddi zərbə vuracaq.
Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "YouTube"dakı “Həqiqət Saatı” verilişində bildirib.
Nazir qeyd edib ki, Yaxın Şərqdəki münaqişə fonunda Avropa İttifaqının Rusiya neftindən tam imtinası üzv dövlətlərin iqtisadiyyatına ciddi təsir göstərəcək.
“Bu ölkələr artıq benzin və digər yanacaq qiymətlərinin daha da kəskin artmasına hazır olmalıdırlar”, - deyə Siyarto bildirib.
O əlavə edib ki, Macarıstan parlament seçkilərindən üç gün sonra, 15 apreldə Avropa Komissiyası Rusiya neftinin Aİ-yə idxalına tam qadağa təklif edəcək.
“Hazırkı vəziyyətdə İran ətrafında müharibə davam etdiyi üçün bu, Avropa iqtisadiyyatına ciddi zərbə olacaq”, — deyə nazir vurğulayıb.
Siyarto bildirib ki, qlobal bazarda neft çatışmazlığı fonunda Avropa digər bölgələrlə müqayisədə ən həssas vəziyyətdədir və iqtisadiyyat qiymətlərin böyük artımına hazır olmalıdır. O əlavə edib ki, Macarıstan hökuməti Rusiya neftinin tədarükünü qorumaq üçün mübarizəni davam etdirəcək və Aİ daxilində bu mövqeyi müdafiə etməyə hazırdır.
Aminə ŞAHSUVARQIZI













