"Laricaninin ölümü İran üçün ciddi itki olsa da, ölkə təslim olmayacaq" - Asif Nərimanlı

 18:44 18.03.2026     373

Xəbər verdiyimiz kimi, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən gün İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub.

Laricani kimi İranın böyük vəzifəli şəxslərinin öldürülməsi, İranı sarsıda və müharibədən geri çəkindirə bilərmi?

Politoloq Asif Nərimanlı Redaktor.az- a açıqlamasında bildirdi ki, Laricaninin ölümü İran üçün, xüsusən də ölkənin teokratik rejimi baxımından ciddi itki sayılır:

"Çünki Laricani kifayət qədər praqmatist siyasətçi kimi tanınırdı və onun praqmatizmi əsasən mövcud rejimin qorunub saxlanılmasına, İran İslam Respublikasının prinsiplərinin inkişaf etdirilməsinə xidmət edirdi. Laricani İran üçün təkcə Milli Təhlükəsizlik Şurasının katibi deyildi, eyni zamanda xarici siyasətdə əsas fiqurlardan biri kimi çıxış edirdi. Onun istər Yaxın Şərqdə proksi qüvvələrlə əlaqələrin qurulması və koordinasiya edilməsi, istərsə də Çin və Rusiya ilə münasibətlərin inkişafında ciddi xidmətləri olub. Ümumiyyətlə, Laricani ailəsi İranda kifayət qədər nüfuzlu sayılır və mövcud hakimiyyətin əsas sütunlarından biri kimi qəbul edilir".

Politoloq qeyd etdi ki, Laricaninin ölümü İran üçün ciddi itki hesab olunur:

"Eyni zamanda nəzərə almaq lazımdır ki, o, Xameneinin öldürülməsindən sonra mövcud sistemin qorunub saxlanılmasında əsas idarəedici fiqurlardan biri kimi önə çıxmışdı və müəyyən mənada onun siyasi xəttinin icraçısı rolunu yerinə yetirirdi. Bununla belə, Laricaninin ölümü İranın mövcud hakimiyyətinin təslim olması ilə nəticələnəcək hadisə kimi qiymətləndirilmir. Çünki sistem üçün ən böyük fiqur elə Xameneinin özü idi və onun ölümü belə rejimin geri çəkilməsi ilə nəticələnmədiyi halda, Laricaninin ölümündən sonra da İranın geri çəkiləcəyi gözlənilmir"

A.Nərimanlı bu hadisənin İranın siyasi və hərbi rəhbərliyi üçün növbəti ciddi xəbərdarlıq olduğunu qeyd etdi:

"Rəhbər şəxslərin daim hədəfdə olması həm müharibənin aparılmasına, həm də ölkənin idarə edilməsinə və nəzarətin saxlanılmasına mənfi təsir göstərir. Praktiki olaraq, hərbi və siyasi rəhbərlik bir tərəfdən müharibə aparır, digər tərəfdən isə öz təhlükəsizliyini təmin etməyə çalışır. Bu isə idarəetmədə əlavə gərginlik və stres yaradır. Nəticə etibarilə, Laricaninin ölümü İran üçün ciddi itki olsa da, bu hadisənin ölkənin təslim olması ilə nəticələnəcəyi inandırıcı görünmür. Daha çox növbəti xəbərdarlıq kimi qiymətləndirilə bilər. Bu vəziyyət İran hakimiyyətini danışıqlar masasına qayıtmağa və müəyyən güzəştlər etməyə sövq edə bilər. Əks təqdirdə, münaqişənin uzunmüddətli davamı həm təhlükəsizlik risklərini artıracaq, həm də siyasi və hərbi rəhbərlik üçün daimi təhdid olaraq qalacaq".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən