İtaliya və Fransa Livandakı vəziyyətdən narahatlığını bildirdilər
İtaliya və Fransanın müdafiə nazirləri Livanda pisləşən təhlükəsizlik vəziyyətindən "dərin narahatlıq" ifadə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İtaliya və Fransa müdafiə nazirləri Guido Krosetto və Katerin Vautrin telefon danışığı zamanı Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) şəxsi heyətinə qarşı son hücumları xüsusilə qeyd ediblər.
Onlar "bu cür hadisələrin qəbuledilməzliyini və missiyanı yerinə yetirən personalın üzləşdiyi artan riskləri" vurğulayıblar.
Nazirlər UNIFIL-in strateji əhəmiyyətini qeyd edərək, Livanın sabitliyinin "bütün Aralıq dənizi hövzəsinin tarazlığının əvəzolunmaz sütunu" olduğunu bildirib.
Onlar həmçinin İtaliya və Fransanın beynəlxalq personalın təhlükəsizliyini təmin etmək, sülhü qorumaq və Livan hakimiyyətini dəstəkləmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəklərini təsdiqləyiblər.
Aminə ŞAHSUVARQIZI













