2 yaşlı uşaq qumda insan qalıqları aşkar ETDİ
Böyük Britaniya-da 2 yaşlı bir uşaq qumda oynayarkən insan sümükləri tapıb. Hadisə Şimali Devon bölgəsində yerləşən çimərlikdə baş verib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, uşaq qumda oynayarkən təsadüfən insan qalıqlarını üzə çıxarıb. Hadisədən sonra polis dərhal əraziyə cəlb olunub. Tapılan sümüklərin tarixi əhəmiyyət daşıdığı bildirilir.
Devon County Council-ın tarixi irs üzrə baş mütəxəssisi Stiven Rid bildirib ki, aşkar edilən qalıqlar ehtimal ki, keçmişdə gəmi qəzası nəticəsində həlak olmuş bir dənizçinin dəfn yeri ola bilər.
Hazırda qalıqlar arxeoloji şirkətin nəzarətinə verilib. Alimlər yaxın aylarda aparılacaq analizlər vasitəsilə həmin şəxsin cinsini, yaşını, sağlamlıq vəziyyətini və mənşəyini müəyyən etməyə çalışacaqlar.
Uşağın anası Qabriel Prentis bildirib ki, ilkin olaraq tapıntını ağac kökü və ya heyvan sümüyü zənn ediblər. Lakin yaxınlarının şübhəsi səbəbilə məsələ araşdırılıb və polisə məlumat verilib. Ailə ertəsi gün yenidən çimərliyə qayıdaraq tapıntının yerini dəqiq göstərib. Polis isə uşağın ən çox narahat olduğu vedrəsini ona geri qaytarıb.
Qadın əlavə edib ki, hazırda uşağın ən sevimli oyunu “pirat oynamaq” və “xəzinə axtarmaqdır”, bu hadisədən sonra o, özünü həqiqi pirat kimi hiss edir.
Nuriyyə NATİQQIZI













