İslamabad ABŞ-İran danışıqları ilə əlaqədar iki günlük tətil elan ETDİ
Pakistanın paytaxtı İslamabad hakimiyyəti ABŞ və İran arasında keçiriləcək mühüm danışıqlarla əlaqədar 9 və 10 aprel tarixlərini rəsmi tətil elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Express Tribune" qəzeti paytaxtın rayon administrasiyasına istinadən məlumat yayıb.
Rəsmi bildirişə əsasən, tətil günlərinə baxmayaraq, şəhərin həyati əhəmiyyətli sahələri — hüquq-mühafizə orqanları, tibb müəssisələri və kommunal xidmətlər cümə axşamı və cümə günləri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
İslamabad administrasiyası şəhər sakinlərinə müraciət edərək, təhlükəsizlik tədbirləri və tətbiq edilən xüsusi rejimlə əlaqədar gündəlik planlarını öncədən tənzimləməyi tövsiyə edib.
Qeyd edək ki, Pakistanın paytaxtı hazırda ABŞ və İran arasında həyata keçirilən kritik sülh diplomatiyasının əsas mərkəzlərindən biri rolunda çıxış edir.
Aminə ŞAHSUVARQIZI













