"Atəşkəs qərarı bizim üçün sürpriz olmadı, hər an hücuma hazırıq" - Netanyahu
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəsin İsraillə tam koordinasiyalı şəkildə həyata keçirildiyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir televiziya vasitəsilə xalqa müraciətində bildirib.
Netanyahu atəşkəs qərarının onun üçün gözlənilməz olmadığını vurğulayıb: "Bildiyiniz kimi, ABŞ və İran arasında İsraillə tam koordinasiyalı şəkildə iki həftəlik müvəqqəti atəşkəs bu axşam qüvvəyə minib. Xeyr, bu qərar bizim üçün sürpriz olmadı".
Çıxışı zamanı ABŞ Prezidenti Donald Trampla münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən Netanyahu, Ağ Ev rəhbəri ilə hər gün təmasda olduğunu bildirib. O, İsrail və ABŞ arasındakı hazırkı tərəfdaşlığın tarixin ən güclü dövrünü yaşadığını diqqətə çatdırıb.
Lakin Baş nazir xəbərdarlıq edib ki, bu atəşkəs hərbi kampaniyanın bitməsi demək deyil: "Biz bu atəşkəsi sadəcə "yolun ortasındakı dayanacaq" hesab edirik. İsrail istənilən an hərbi əməliyyatları bərpa etməyə tam hazırdır".
Aminə ŞAHSUVARQIZI













