Qadının beynindən 8 santimetrlik qurd ÇIXARILDI
Çində həkimlər 61 yaşlı qadının beynindən 8 santimetr uzunluğunda parazit çıxarıblar. Hadisə aprelin əvvəlində Quanqdon əyalətində yerləşən klinikalardan birində qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, qadın bir neçə il ərzində əl-ayaqlarda və baş dərisində keyimə, soyuğa qarşı həssaslıq və qıcolma tutmalarından şikayət edib. İlk əlamətlər 2021-ci ildə onurğa əməliyyatından sonra başlasa da, səbəb uzun müddət müəyyən edilməyib.
Diaqnoz beyin müayinəsi zamanı qoyulub. Nevroloq beyin toxumasında parazitin hərəkətini göstərən xarakterik “tunelvari iz” aşkar edib. Cərrahi əməliyyat zamanı qadının beynindən təxminən 8 santimetrlik qurd çıxarılıb. Əməliyyatdan sonra pasiyentin vəziyyətinin xeyli yaxşılaşdığı bildirilir.
Həkimlərin sözlərinə görə, yoluxma illər əvvəl baş verə bilər. Qadın bildirib ki, yeniyetməlik dövründə diş ağrısını aradan qaldırmaq üçün xalq təbabəti üsulu kimi çürük diş boşluğuna qurbağa ayağı yerləşdirilib. Bundan əlavə, onun qaynadılmamış su içdiyi və qeyri-ənənəvi müalicə üsullarından istifadə etdiyi qeyd olunub.
Mütəxəssislər bildirirlər ki, belə yoluxmalar adətən çirkli su, yaxşı bişirilməmiş heyvan mənşəli qidalar və gigiyenik olmayan üsullar nəticəsində baş verir. Parazitlər orqanizmə düşdükdən sonra qan dövranı ilə beyinə qədər yayıla bilər və ciddi nevroloji fəsadlara səbəb ola bilər.
NURİYYƏ













