Yaralı qağayını xilas etmək üçün buz kimi suya ATILDI
Böyük Britaniyada bir qadın beş saatdan çox balıq torunda ilişib qalan yaralı qağayını xilas etmək üçün soyuq suya girib.
Redaktor.az xəbər verir ki, hadisə barədə "Good News Network" məlumat yayıb.
Məlumata görə, quşu vəhşi təbiətin xilası ilə məşğul olan könüllü Stuart Beaton görüb. Qağayı ayağı balıqçı alətlərinə ilişdiyi üçün hərəkət edə bilməyib.
Hadisə ilə bağlı Brambles Wildlife Rescue təşkilatına məlumat verilib. Daha sonra xilasedici əməliyyata su üzərində axtarış-xilasetmə təcrübəsi olan Lorraine Bullar cəlb olunub.
Hidrokostyum geyinən qadın quşa çatmaq üçün buz kimi suda təxminən 15 metr üzüb. Sahildə könüllülər qağayını ehtiyatla balıq qarmağından azad edərək mütəxəssislərə təhvil veriblər.
Hazırda quş müalicə alır. Ona antibiotik və iltihabəleyhinə preparatlar təyin edilib. Mərkəz əməkdaşlarının sözlərinə görə, qağayının vəziyyəti yaxşılaşır.
NURİYYƏ













