Livan Prezidenti İsrail ilə danışıqlara hazır olduğunu AÇIQLADI
Livan İsraillə münaqişənin həlli üçün danışıqlara hazırlaşır.
Redaktor.az xəbər verir ki, Cozef Aun ölkəsinin İsraillə hərbi əməliyyatlara son qoymaq və suverenliyini bərpa etmək məqsədilə ikitərəfli danışıqlar aparacağını açıqlayıb.
Prezident aparatının yaydığı məlumata görə, Livan tərəfi danışıqları səfir Simon Karamın rəhbərlik etdiyi nümayəndə heyəti vasitəsilə həyata keçirəcək. Aun vurğulayıb ki, bu prosesdə heç bir tərəf Livanı əvəz etməyəcək.
Onun sözlərinə görə, danışıqların əsas məqsədi hərbi əməliyyatların dayandırılması, İsrail qoşunlarının ölkənin cənubundan çıxarılması və Livan ordusunun beynəlxalq səviyyədə tanınmış sərhədlərə yerləşdirilməsidir.
Məlumata görə, Aun həmçinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Trampın Livanın mövqeyini başa düşdüyü və atəşkəsə nail olunması istiqamətində səyləri dəstəklədiyi bildirilib.
Prezident qeyd edib ki, ölkə qarşısında iki seçim var: müharibəni davam etdirmək və ya danışıqlar yolu ilə davamlı sabitliyə nail olmaq. “Mən danışıqlar yolunu seçmişəm”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İsrail və Livan 17 apreldən etibarən 10 günlük atəşkəs barədə razılığa gəlib və bu müddətdə diplomatik danışıqların aparılması planlaşdırılır.
Aminə ŞAHSUVARQIZI













