"Yaxın Şərqdə münaqişə 80-dən çox enerji obyektini sıradan çıxarıb"
Yaxın Şərqdəki münaqişə enerji sektoruna ciddi zərbə vurub.
Redaktor.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) baş direktoru Fatih Birol “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, İranla bağlı gərginlik nəticəsində 80-dən çox enerji obyekti zərər görüb.
Onun sözlərinə görə, ümumilikdə 84 obyekt zədələnib, onlardan 34-ü ciddi və ya çox ciddi ziyan alıb.
Birol qeyd edib ki, Hörmüz boğazının bağlanması qlobal enerji təhlükəsizliyi üçün böyük risk yaradır. O bildirib ki, bu boğazdan gündəlik təxminən 13 milyon barel neft daşınır, halbuki qlobal tələbat 100 milyon barel səviyyəsindədir.
Həmçinin vurğulanıb ki, münaqişə fonunda qlobal bazarlara təbii qaz tədarükündə itkilər təxminən 100 milyard kubmetr təşkil edir.
BEA rəhbəri əlavə edib ki, boğaz açılsa belə, zədələnmiş infrastruktur səbəbindən enerji tədarükünün əvvəlki səviyyəyə qayıtması uzun zaman alacaq. Onun sözlərinə görə, bəzi obyektlərdə istehsalın bərpası ən azı iki il, bəzi hallarda isə daha uzun çəkə bilər.
Birol həmçinin bildirib ki, hazırda Fars körfəzi bölgəsində 200-dən çox neft tankeri və 10 mayeləşdirilmiş təbii qaz gəmisi mövcuddur.
Aminə ŞAHSUVARQIZI













