İranın “kölgə donanması” blokadanı yarır: 26 gəmi xətti keçib
İranın “kölgə donanması” ilə bağlı yeni məlumatlar yayılıb.
Redaktor.az xəbər verir ki, “Lloyd’s List Intelligence”in məlumatına görə, ən azı 26 İranla əlaqəli gəmi ABŞ-ın tətbiq etdiyi blokada şərtlərini keçərək maneəsiz hərəkət edə bilib.
Bildirilib ki, ötən həftə blokada rejimi sərtləşdirildikdən sonra İranla əlaqəli 10-dan çox gəmi ABŞ nəzarət xəttini keçib. Aprelin 13-dən etibarən isə İran yükləri daşıyan 11 tanker Körfəz bölgəsindən çıxış edib.
Məlumata görə, Yunanıstana məxsus yük gəmisi də aprelin 15-də İran limanından çıxaraq 19 apreldə blokada xəttini keçib.
Qeyd olunub ki, ABŞ hərbçiləri 27 gəminin geri qaytarıldığını və İran ticarətinin “tamamilə dayandırıldığını” bildirsə də, izləmə sistemləri bölgədə “kölgə donanması”na aid gəmilərin hərəkətinin davam etdiyini göstərir.













