İranın dəstəyi ilə Yapon tankerinin Hörmüz boğazından keçdiyi bildirildi
Yaponiyaya məxsus neft tankerinin İranın dəstəyi ilə Hörmüz boğazından keçdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Yaponiyanın “İdemitsu Kosan” şirkətinə məxsus “İdemitsu Maru” tankeri 2 milyon barel neft daşıyaraq İranın köməyi ilə boğazdan keçib. Bildirilir ki, tanker fevral ayının sonlarından etibarən Səudiyyə Ərəbistanı sahillərində gözləyirdi.
Gəmi izləmə xidməti “Marine Traffic”in məlumatına əsasən, Panama bayrağı altında üzən tanker aprelin 17-də Ras Tanura limanından yola düşüb.
Qeyd olunur ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı müharibədən sonra Tehran Hörmüz boğazından keçidi məhdudlaşdırıb və yalnız müəyyən ölkələrə məxsus gəmilərə icazə verib. Bu müddətdə icazəsiz keçidə cəhd edən bəzi tankerlərə hücumların olduğu da bildirilir.
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl açıqlamasında Rusiya, Hindistan, Çin, İraq və Pakistan kimi ölkələrin gəmilərinə boğazdan keçidə icazə verildiyini qeyd etmişdi.
Aminə ŞAHSUVARQIZI













