BƏƏ-nin OPEC və OPEC+-dan çıxması Trampın qələbəsidir - "Reuters"
BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxması ilə bağlı yayılan məlumat beynəlxalq enerji bazarlarında geniş rezonans doğurub.
Redaktor.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin bu qərarı ABŞ Prezidenti Donald Tramp üçün siyasi və iqtisadi baxımdan “qələbə” kimi qiymətləndirilir. Tramp daha əvvəl OPEC-i neft qiymətlərini süni şəkildə artırmaqda və qlobal iqtisadiyyata təzyiq göstərməkdə ittiham etmişdi.
Məlumata əsasən, BƏƏ mayın 1-dən etibarən OPEC və OPEC+ təşkilatlarından çıxacağını elan edib. Ölkənin Energetika Nazirliyi qərarın mövcud və gələcək istehsal siyasətinin yenidən qiymətləndirilməsi nəticəsində qəbul olunduğunu bildirib. Nazirlik həmçinin qeyd edib ki, bu addım Hörmüz boğazında mümkün məhdudiyyətlər fonunda neft bazarına ciddi təsir göstərməyə bilər.
“Reuters” yazır ki, bu qərar OPEC daxilində mövcud gərginlikləri daha da artıra və təşkilatın vahid mövqe nümayiş etdirmə qabiliyyətini zəiflədə bilər. BƏƏ-nin addımının xüsusilə OPEC-in de-fakto lideri sayılan Səudiyyə Ərəbistanına təsir göstərə biləcəyi bildirilir.
Qeyd olunur ki, OPEC+ ölkələri qlobal neft bazarında qiymətlərin sabit saxlanması məqsədilə hasilat kvotalarını tənzimləyir və son illərdə bir neçə dəfə hasilat məhdudiyyətlərinə dəyişiklik edilib.
Aminə ŞAHSUVARQIZI













