140 toyuq yüksək səsdən öldü - Qəribə HADİSƏ
Hindistanda toyda səsləndirilən çox yüksək və güclü musiqi yaxınlıqdakı quşçuluq fermasında 140 toyuğun ölümünə səbəb olub.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Toy korteji Sabir Əliyə məxsus fermanın yaxınlığından keçərkən yüksək səsli musiqi qoşulub. Ferma sahibinin sözlərinə görə, güclü səsdən qorxuya düşən toyuqlar bir neçə saniyə ərzində yerə yıxılıb və tələf olub.
“O səs partlayış kimi idi. Toyuqlar qorxudan yerə yıxıldılar”, — deyə ferma sahibi bildirib.
Polis hadisə ilə bağlı araşdırma başladıb. DJ barədə həddindən artıq səs-küy yaratmaq və heyvanların ölümünə səbəb olmaq maddələri ilə iş açıldığı qeyd olunur. İlkin məlumata görə, quşlar çox yüksək səsə tab gətirə bilməyib. Yerli hakimiyyət orqanları fermaya dəyən ziyanın hesablanması üçün sahibkara kömək ediləcəyini açıqlayıb.
Aytəkin TOFİQQIZI













