“ABŞ və İsraillə əməkdaşlıq təhlükəlidir” - İrandan Əbu-Dabiyə sərt XƏBƏRDARLIQ
İran Xarici İşlər Nazirliyi Əbu-Dabinin ABŞ və İsrail ilə Tehrana qarşı əməkdaşlığını kəskin şəkildə pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayıb.
Bəyanatda bildirilir ki, Əbu-Dabi rəhbərliyinin İrana qarşı düşmən tərəflərlə birgə hərəkət etməsi, o cümlədən hərbi bazalar və avadanlıqların yerləşdirilməsi regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır.
İran Xarici İşlər Nazirliyi qeyd edib ki, son günlər ABŞ hərbi qüvvələrinin bölgədə “humanitar əməliyyatlar” adı altında keçirdiyi dəniz manevrləri ilə paralel olaraq, BƏƏ hakimiyyəti də açıq şəkildə Vaşinqtonla əməkdaşlıq nümayiş etdirib.
Rəsmi Tehran bunu mehriban qonşuluq prinsipinə zidd və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsiplərinin pozulması kimi qiymətləndirib.
Bununla yanaşı, İran tərəfi Əbu-Dabinin ölkəyə qarşı raket və dron hücumları ilə bağlı səsləndirdiyi iddiaları əsassız adlandırıb və təkzib edib.
Nazirlik vurğulayıb ki, İran Silahlı Qüvvələrinin hazırkı mərhələdə həyata keçirdiyi bütün müdafiə tədbirləri yalnız ABŞ-ın təcavüzkar addımlarına cavab verməyə yönəlib.
Bəyanatda həmçinin qeyd olunub ki, İran regionda və İslam dünyasında sabitliyin qorunmasına sadiq qalaraq məsuliyyətli və təmkinli mövqe nümayiş etdirir.
Sonda İran Xarici İşlər Nazirliyi Əbu-Dabini ABŞ və İsraillə əməkdaşlıqdan çəkinməyə çağırıb və ölkənin milli maraqlarını qorumaq üçün bütün zəruri addımların atılacağını bəyan edib.
Aminə ŞAHSUVARQIZI













