Sərxoş halda xəstənin 14 dişini çəkdi - Məhkəməlik OLDU
Fransanın Lozère departamentində 61 yaşlı keçmiş stomatoloq Jose Pereira Mendes barəsində məhkəmə prosesi keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Radio France" məlumat yayıb.
İstintaq materiallarına əsasən, o, 2018–2020-ci illərdə Badaroux kommunasında özəl klinikada fəaliyyət göstərib və bu müddətdə 40-dan çox pasiyentə zərər vurub. Bildirilir ki, bəzi hallarda həkim tibbi zərurət olmadan pasiyentlərin bir neçə dişini çıxarıb, hətta bir qəbul zamanı 14 dişin çıxarıldığı faktı qeydə alınıb.
Məlumata görə, stomatoloq bir sıra hallarda sərxoş vəziyyətdə işləyib və lazımi ixtisası olmayan şəxsləri də işə cəlb edib. Buna baxmayaraq, klinikanın gəlirləri 2018-ci ildə 200 min avrodan 2020-ci ildə təxminən 260 min avroya qədər artıb.
Zərərçəkənlərin nümayəndələri bildirirlər ki, bir çox pasiyent dişsiz qalıb, infeksiyalarla üzləşib, qidalanma və sosial-psixoloji problemlər yaşayıb. Zərərçəkənlər artıq mülki iddialar qaldırıblar.
Təqsirləndirilən şəxs isə bütün addımlarını pasiyentlərin maraqları naminə atdığını iddia edir. Ona qarşı 10 ilədək azadlıqdan məhrumetmə cəzası və təxminən 300 min avro məbləğində ziyanın ödənilməsi tələbi irəli sürülüb. Məhkəmə prosesi davam edir.
NURİYYƏ













