Alimlərdən insultun yayılmış növü ilə bağlı ARAŞDIRMA
Edinburq Universiteti və Britaniya Demensiya Araşdırmaları İnstitutunun alimləri müəyyən ediblər ki, beyin damarlarının daralması deyil, genişlənməsi lakunar insultun əsas səbəblərindən biri ola bilər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Circulation" jurnalında dərc olunub.
Lakunar insult işemik insultların təxminən dörddə birini təşkil edir. İndiyədək hesab olunurdu ki, bu xəstəliyin əsas səbəbi damarların yağ lövhəcikləri ilə tutulması, yəni aterosklerozdur. Lakin yeni tədqiqat bu fikrin tam doğru olmaya biləcəyini göstərib.
Araşdırma zamanı insult keçirmiş 229 pasiyentin MRT və klinik nəticələri təhlil olunub. Məlum olub ki, damarların yağ səbəbindən daralması lakunar insultla əlaqəli deyil. Əksinə, beyin damarlarında genişlənmə olan şəxslərdə bu insult növünün riski dörd dəfədən çox yüksəkdir.
Alimlər həmçinin bildiriblər ki, damar genişlənməsi beyin toxumasının daha sürətli zədələnməsi və simptomsuz insult riskinin artması ilə də əlaqəlidir. Bu cür gizli insultlar zamanla yaddaş və idrak funksiyalarının zəifləməsinə səbəb ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, nəticələr aspirin kimi bəzi preparatların niyə lakunar insultun qarşısını almaqda zəif təsir göstərdiyini izah edə bilər. Hazırda alimlər kiçik beyin damarlarına birbaşa təsir edən yeni müalicə üsullarını araşdırırlar.
NURİYYƏ













