Ukraynanın sülh danışıqlarının rəhbəri Uitkoffla görüşmək üçün ABŞ-yə gedib
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ-də danışıqlar aparmaq üçün Mayami şəhərinə gedib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Umerov ABŞ rəsmiləri ilə görüşlər keçirəcək.
Ukrayna Prezidentinin müşaviri Dmitriy Litvin jurnalistlərə bildirib ki, Umerov artıq səfərlə bağlı məlumatı Prezident Volodimir Zelenskiyə çatdırıb və yaxın günlərdə əlavə detallar açıqlanacaq.
“Reuters” yazır ki, Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqları son aylarda dalana dirənib.
Bildirilib ki, Kiyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin yaz aylarında Ukraynaya səfər edəcəyinə ümid etsə də, bu plan reallaşmayıb.
Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun diqqətinin İranda gərginlik fonunda Ukrayna məsələsindən qismən uzaqlaşdığı bildirilir.













