Semeru yenidən oyandı: İndoneziyada vulkan təhlükəsi güclənir
İndoneziyada Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında ən azı beş yeni püskürmə qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, vulkandan çıxan kül 1200 metr yüksəklikdəki krater səviyyəsinə, yəni dəniz səviyyəsindən 4876 metr hündürlüyə qədər qalxıb. Püskürmələr şimala və şimal-şərqə doğru yayılan sıx ağ və boz kül buludları ilə müşayiət olunub.
Bildirilib ki, sonrakı dörd püskürmə zamanı külün hündürlüyü 4,6–4,8 kilometr aralığında qeydə alınıb.
Yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə sakinlərin və turistlərin vulkan kraterindən 5 kilometr radiusda əraziyə yaxınlaşmasını qadağan edib.
Xilasetmə xidmətləri isə yaxınlıqdakı çaylar boyunca lava axını, isti qaz buludları və palçıq selləri riskinin yüksək olduğunu bildirib.
Semeru İndoneziyanın ən aktiv vulkanik zonasında yerləşir və ölkənin dördüncü ən yüksək vulkanı hesab olunur.
İndoneziya dünyada ən böyük arxipelaqlardan biri olub 18 minə yaxın adadan ibarətdir və Sakit okeanın “Atəş halqası” bölgəsində yerləşdiyi üçün yüksək seysmik və vulkanik aktivliklə seçilir.
Ölkədə 500-dən çox vulkan var və onların təxminən 130-u aktiv hesab olunur.
Aminə ŞAHSUVARQIZI













