"Sizi tapdalayacaqlar" - Orban yeni hökumətə səsləndi
Macarıstanın keçmiş Baş naziri Viktor Orban ölkənin yeni formalaşmış hökumətinə müraciət edərək, Avropa İttifaqı ilə münasibətlərdə milli maraqların sərt şəkildə müdafiə olunmasının vacibliyini vurğulayıb. O, əks halda Macarıstanın suverenliyinin təhlükə altına düşəcəyini qeyd edib.
Redaktor.az xəbər verir ki, bu barədə sabiq hökumət başçısı "X" hesabında paylaşım edib.
Orban yeni rəhbərliyə xəbərdarlıq edərək bildirib: "Yeni gələnlər bir şeyi çox aydın başa düşməlidirlər: Brüsseldə Macarıstan uğrunda mübarizə aparmasanız, brüssellilər sizi sadəcə tapdalayacaqlar. Pul və ya siyasi təsdiq üçün vətənpərvərlik prinsiplərimizdən və milli suverenliyimizdən imtina etmək tarixi bir səhv olardı".
Xatırladaq ki, Macarıstan tarixində ən uzun müddət baş nazir vəzifəsində çalışmış Viktor Orban və onun "Fidesz" partiyası 12 aprel parlament seçkilərində ciddi məğlubiyyətə uğrayıb. 199 yerlik parlamentdə cəmi 52 mandat qazanan sabiq iqtidar müxalifət sıralarına keçib.
Seçkilərin qalibi olan "Tisza" partiyasının lideri Peter Magyar isə 141 yerlə üstünlük qazanaraq 9 mayda ölkənin yeni baş naziri seçilib. Magyar öz çıxışlarında rəsmi Budapeştin Aİ tərəfdaşları ilə normal əməkdaşlığı bərpa edəcəyini, lakin Macarıstanın maraqlarını hər zaman ön planda tutacağını vəd edib.
Aminə ŞAHSUVARQIZI













