ABŞ-nin ən böyük çaylarından biri yox olmaq təhlükəsi ilə üz-üzədir
ABŞ-nin qərb-mərkəzi hissəsindəki Kolorado çayında su ehtiyatları sürətlə azalır və bu da bölgədə ciddi böhran təhlükəsi yaradır.
Redaktor.az xəbər verir ki, ABŞ-nin "CBS News" telekanalı bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin qərbində təxminən 40 milyon insan gündəlik su təchizatı üçün məhz bu çaydan asılıdır. Artan əhali mənbədən getdikcə daha çox su çəkir və ana təbiət bu ehtiyatları bərpa etməkdə acizdir.
Arizona Dövlət Universitetinin Kayl Su Siyasəti Mərkəzinin direktoru Sara Porter məsələ ilə bağlı bildirib: “Su anbarlarının səviyyəsinin aşağı düşməsinin bir neçə səbəbi var. Bu, sadəcə bir amillə bağlı deyil, amma ana təbiət bu il əlbəttə ki, bizimlə əməkdaşlıq etmədi”.
Xüsusilə, çayı qidalandıran Qayalı Dağlarda qar örtüyü bu qış rekord dərəcədə az olub və bu da Mid gölü və Pauell gölü kimi əsas su anbarlarında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub.
Nəşr qeyd edir ki, Arizona, Kaliforniya və Nevada ştatlarının hakimiyyət orqanları suyun qorunması üçün genişmiqyaslı kampaniya başlatsalar da, çayın yox olmasının qarşısını alacaq yekun razılığa gələ bilmirlər. Mövcud vəziyyət bölgədə kənd təsərrüfatı, su elektrik stansiyalarının fəaliyyəti və ümumi su təchizatı üçün böyük təhlükə yaradır.
Aminə ŞAHSUVARQIZI













