Pentaqon Ermənistanı silahlandırır: Strateji tərəfdaşlıq xartiyası imzalandı
ABŞ Ermənistanı Amerika hərbi texnikası ilə təchiz etmək və bu respublikanı Pentaqonun hərbi proqramlarına cəlb etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə İrəvanda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasında bildirilir.
"Ermənistan və Amerika Birləşmiş Ştatları müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Bu əməkdaşlıq Ermənistana ABŞ istehsalı olan hərbi təyinatlı məhsulların və köməkçi avadanlıqların satışını da əhatə edir, lakin bununla məhdudlaşmır", — deyə sənəddə qeyd olunub.
Sənəddə həmçinin vurğulanır ki, ABŞ Ermənistanın öz hərbi-sənaye potensialını inkişaf etdirmək səylərini və iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlığı dəstəkləyir.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, İrəvan Rusiya ilə münasibətləri kəsməyə çalışmır. Diplomatın sözlərinə görə, Ermənistan Moskva ilə "təbii münasibətləri" gücləndirmək niyyətindədir.
Xədicə BAXIŞLI













