BMT Təhlükəsizlik Şurasından BƏƏ bəyanatı: Nüvə obyektinə hücum pislənildi

 11:32 27.05.2026     251

BMT Təhlükəsizlik Şurası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Bərəkə" atom elektrik stansiyasını hədəf alan pilotsuz uçuş aparatlarının hücumunu kəskin şəkildə qınayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şuranın rəsmi bəyanatında qeyd olunub ki, strateji əhəmiyyətli dinc nüvə obyektinə edilən bu hücum beynəlxalq hüquq normalarına tamamilə ziddir. Bildirilib ki, mülki infrastruktura yönələn bu cür addımlar təkcə bölgə üçün deyil, həm də ətraf mühit və dinc əhali üçün böyük fəsadlar törədə biləcək ciddi risklər yaradır.

BMT Təhlükəsizlik Şurasının üzvləri BƏƏ-dəki mülki və strateji hədəflərə, xüsusilə də atom elektrik stansiyasına qarşı yönələn təhdidlərin "dərhal və qəti şəkildə dayandırılmasını" tələb ediblər. Eyni zamanda, qurum Yaxın Şərqdə təhlükəsizliyin qorunmasının vacibliyini xatırladaraq, BƏƏ-nin suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Qeyd edək ki, ötən həftə BƏƏ Müdafiə Nazirliyi "Bərəkə" AES-i hədəf almağa çalışan 3 dronun və hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən digər 6 PUA-nın İraq ərazisindən buraxıldığını elan etmişdi. Regional ekspertlər bu hücumların arxasında İraqda fəaliyyət göstərən və İranla yaxın əlaqələri olan silahlı qruplaşmaların dayandığını bildirirlər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən