"İran daha da güclənib" - ABŞ senatorundan ETİRAF

 10:43 01.06.2026     225

ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvü Kris Kuns İranın Vaşinqtonla son aylarda yaşanan qarşıdurmadan əvvəlkindən daha güclü vəziyyətdə çıxdığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Kunsun sözlərinə görə, Tehran ABŞ ilə üç aylıq münaqişə dövründə öz mövqelərini gücləndirməyə nail olub və hazırda əvvəlkindən daha təsirli imkanlara malikdir.

Senator qeyd edib ki, İran ucuz pilotsuz uçuş aparatlarından təkcə Hörmüz boğazını bağlamaq məqsədilə deyil, həm də ABŞ-nin tərəfdaşlarına qarşı hücumlar həyata keçirmək üçün istifadə edib.

"O, ucuz dronlardan təkcə Hörmüz boğazını bağlamaq üçün deyil, həm də tərəfdaşlarımıza hücum etmək üçün istifadə edib", - deyə Kuns bildirib.

ABŞ-li senator Vaşinqtonu İranın mümkün addımlarına qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırıb. O vurğulayıb ki, İran tərəfindən Hörmüz boğazının bağlanması ehtimalına qarşı ABŞ daha qətiyyətli və effektiv cavab hazırlamalıdır.

Kunsun fikrincə, regionda təhlükəsizliyin təmin olunması və müttəfiqlərin qorunması üçün ABŞ administrasiyasının daha fəal siyasət yürütməsi vacibdir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən