İran ABŞ və İsraili atəşkəsi pozmaqda ittiham ETDİ

 09:32 02.06.2026     267

İran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İran və Livana qarşı həyata keçirdiyi hücumlarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, hər hansı bir istiqamətdə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Nazirlik qeyd edib ki, aprelin 8-dən qüvvəyə minən atəşkəs razılaşması Livan da daxil olmaqla bütün istiqamətləri əhatə edir. Buna baxmayaraq, ABŞ-nin İranın ticarət gəmilərinə qarşı hücumlar da daxil olmaqla, atəşkəs şərtlərini dəfələrlə pozduğu iddia olunub.

Bəyanatda İsrail də atəşkəs rejimini pozmaqda ittiham edilib. Bildirilib ki, İsrail Livanın ərazi bütövlüyünə və dövlət suverenliyinə məhəl qoymayıb. Nəticədə minlərlə Livan vətəndaşının həlak olduğu və yaralandığı, milyonlarla insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığı, ölkənin infrastrukturuna və yaşayış binalarına ciddi ziyan dəydiyi vurğulanıb.

İran Xarici İşlər Nazirliyi ABŞ-nin həm İrana, həm də Livana münasibətdə atəşkəs pozuntularına görə birbaşa məsuliyyət daşıdığını bildirib. Qeyd olunub ki, bunun nəticələrinə görə məsuliyyət də Vaşinqtonun üzərinə düşür.

Bəyanatda həmçinin vurğulanıb ki, İran regionda sülh və təhlükəsizlik üçün təhlükə yaradan bu cür addımlarla bağlı dəfələrlə xəbərdarlıq edib və pozuntulara son qoyulmasına çağırışlar səsləndirib.

“İran özünümüdafiə hüququ çərçivəsində milli maraqlarını qorumaq üçün zəruri hesab etdiyi bütün addımları qətiyyətlə atacaq və əlində olan bütün imkanlardan istifadə edəcək”, – deyə bəyanatda qeyd olunub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən