Tramp NATO-nun Ankara Zirvə toplantısında iştirak etməyi planlaşdırır - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvə toplantısında iştirak etməyi planlaşdırdığını bildirib.
Redaktor.az xəbər verir ki, Hakan Fidan bu barədə Sinqapura səfəri çərçivəsində "Bloomberg TV"yə müsahibəsində danışıb.
Nazir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay ərzində Donald Trampla bir neçə dəfə telefon danışığı aparıb. Fidanın sözlərinə görə, Tramp hər danışıq zamanı NATO-nun Ankara Zirvə toplantısında iştirak edəcəyini bildirib.
Hakan Fidan vurğulayıb ki, siyasi bəyanatlara baxmayaraq, ABŞ NATO qarşısındakı öhdəliklərinə sadiq qalır və Vaşinqtonun alyansdan çıxmaq niyyətində olduğuna dair hər hansı əlamət müşahidə edilmir.
Nazir bildirib ki, ABŞ uzun müddətdir müttəfiq ölkələri müdafiə xərclərini artırmağa və öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımağa çağırır. Onun sözlərinə görə, Avropa ölkələri bu çağırışları nəzərə alaraq NATO çərçivəsində müdafiə büdcələrinin artırılması istiqamətində addımlar atmağa başlayıblar.
Hakan Fidan ABŞ və İran arasında davam edən danışıqlara da toxunaraq bildirib ki, Türkiyə bu prosesi dəstəkləyir. O qeyd edib ki, hər iki tərəf atəşkəsin qorunub saxlanılması üçün səmimi səylər göstərir.
Nazirin fikrincə, atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi əməliyyatlar danışıqlar prosesinə mənfi təsir göstərə biləcək ciddi risklər yaradır.
Fidan əlavə edib ki, ABŞ və İranın atəşkəsin davam etdirilməsində və Hörmüz boğazının açıq qalmasında maraqlı olduqlarına inanır, lakin İsrailin bu məsələdəki niyyətləri ilə bağlı eyni əminliyi ifadə edə bilmir.
NURİYYƏ













