Kim Çen İn yeni nüvə obyekti ilə bağlı mesaj VERDİ

 11:28 04.06.2026     234

Şimali Koreya lideri Kim Çen İn silah istehsalında istifadə olunan nüvə materiallarının hazırlandığı yeni müəssisədə olub və ölkəsinin nüvə potensialını daha da artıracağını bəyan edib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, Kim Çen İn son beş ildə ölkənin silah təyinatlı nüvə materialı istehsalı imkanlarının iki dəfədən çox artdığını bildirib. O vurğulayıb ki, yeni obyekt Şimali Koreyanın nüvə çəkindirmə qabiliyyətinin güclənməsinə mühüm töhfə verəcək.

Məlumata görə, bu addım Pxenyanın nüvə arsenalını genişləndirməyə yönəlmiş beşillik proqramın tərkib hissəsidir. Həmin proqram ABŞ ilə nüvəsizləşdirmə üzrə aparılan danışıqların nəticəsiz qalmasından sonra həyata keçirilməyə başlanıb.

Qeyd olunur ki, bu açıqlama ABŞ administrasiyasının Yaxın Şərqdəki gərginlik fonunda İranın nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etməyə çalışdığı bir dövrə təsadüf edir.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin (CRS) bu ilin mart ayında yayımladığı hesabata əsasən, Şimali Koreya hazırda təxminən 90 nüvə başlığı hazırlamağa kifayət edəcək həcmdə nüvə materialına malikdir. Ekspertlərin qiymətləndirməsinə görə, ölkə indiyədək təxminən 50 nüvə başlığının hazırlanmasını tamamlayıb.

Yeni obyektin dəqiq harada yerləşdiyi isə hələlik açıqlanmır. Kim Çen İnin ziyarət etdiyi müəssisənin Yonqbyon nüvə kompleksində yerləşib-yerləşmədiyi və ya əvvəllər məlum olmayan başqa bir obyekt olub-olmadığı barədə rəsmi məlumat verilməyib.

KCNA-nın yaydığı məlumatda qeyd olunur ki, yeni nüvə obyektində daha müasir texnologiyalardan istifadə edilir. Dərc olunan fotolarda isə Kim Çen İnin sentrifuqaların yerləşdiyi sahədə baxış keçirdiyi görünür.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən