Ermənistan parlament seçkilərinin nəticələri bu məsələdə mühüm rol oynayacaq - Overçuk
Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında ona göstərilən iqtisadi dəstəyin yenidən nəzərdən keçirilə biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
Müavin bildirib ki, Ermənistan parlament seçkilərinin nəticələri bu məsələdə mühüm rol oynayacaq. Onun sözlərinə görə, seçkilərdə Avropayönlü qüvvələr qalib gələrsə, bu, ölkənin Avropa İttifaqına doğru hərəkət etdiyini göstərəcək və Moskva buna uyğun addımlar atacaq.
Overçuk qeyd edib ki, Rusiya gələcəyini Avropa İttifaqında görən və Moskva ilə qarşıdurmaya hazırlaşan bir ölkəyə maliyyə dəstəyi göstərməyin məntiqsiz olduğunu düşünür.
Baş nazirin müavini vurğulayıb ki, Rusiya hazırda Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirir. Bununla belə, gələcəkdə bu dəstəyin davam edib-etməyəcəyi yenidən qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Ermənistan AİB üzvü kimi bir sıra iqtisadi üstünlüklərdən yararlanır. Bunlara gömrük rüsumlarından azadolma, açıq bazarlara çıxış, daha aşağı enerji qiymətləri və işçi qüvvəsinin sərbəst hərəkəti daxildir.
Aytəkin TOFİQQIZI













