Hindistanda meymun pul dolu çantanı oğurlayıb ağacdan aşağı SƏPƏLƏDİ
Hindistanın Bulandşahr şəhərində maraqlı hadisə baş verib. Meymunlardan biri içərisində böyük məbləğdə pul olan çantanı oğurlayaraq ağaca çıxıb və pulları ətrafa səpələyib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Yerli KİV-in məlumatına görə, hadisə torpaq sənədlərinin qeydiyyatı ilə bağlı məhkəmənin yaxınlığında qeydə alınıb. Bir şəxs vəkil köməkçisi ilə birlikdə 200 min rupi məbləğində pulu çantada daşıyırmış.
Bu zaman meymun qəfil çantanı götürərək yaxınlıqdakı ağaca dırmaşıb. Daha sonra çantanın içindəki əskinasları çıxarıb aşağı atmağa başlayıb. Nəticədə ərazidə əsl "pul yağışı" yaşanıb.
Hadisə şahidlər tərəfindən mobil telefonla lentə alınıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Ağacdan əsl pul əskinaslarının töküldüyünü görən insanlar isə onları toplamaq üçün əraziyə axışıblar.
Sonradan məlum olub ki, pulların bir hissəsi itib və ya naməlum şəxslər tərəfindən götürülüb. Nəticədə təxminən 40 min rupini geri qaytarmaq mümkün olmayıb.
NURİYYƏ













