MDB müşahidə missiyası: Müxalifət şikayətləri cavabsız qalır
Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı müxalifət partiyaları və blokları hakim “Vətəndaş Müqaviləsi” Partiyasına qarşı qaldırılan şikayət və məhkəmə iddialarının cavabsız qaldığını bildiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyalı senator Aleksandr Savin MDB müşahidə missiyasının brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, missiya seçkilərdə iştirak edən əsas siyasi qüvvələrin nümayəndələri ilə görüşlər keçirib və müxtəlif iddiaları dinləyib.
“Biz müxtəlif partiya və blokların nümayəndələri ilə görüşdük. Onlar bildirirlər ki, hakim partiyanın pozuntuları ilə bağlı qaldırdıqları bütün məhkəmə iddialarına hələ heç bir cavab verilməyib”, - deyə Savin qeyd edib.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində 16 partiya və 2 blok iştirak edib. İlkin nəticələrə görə, “Vətəndaş Müqaviləsi” Partiyası 49,82 faiz səslə öndədir. “Güclü Ermənistan” bloku 23,28 faiz, “Ermənistan” bloku isə 9,93 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” partiyası isə 3,99 faizlə parlamentə düşə bilməyib.
Məlumatlara görə, səslərin yenidən sayılması nəticəsində yekun mənzərə dəyişə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Ermənistanda seçki prosesi “demokratik prosedurlara qarşı kampaniya” ilə müşayiət olunur.
Rusiya Prezidenti Vladimir Putin isə qeyd edib ki, Moskva Rusiyapərəst qüvvələrin Ermənistandakı seçkilərdə iştirakını dəstəkləsə də, qərar Ermənistan tərəfinə məxsusdur.
Aminə ŞAHSUVARQIZI













