Si Cinpin Kim Çen Inla GÖRÜŞDÜ
Çin Xalq Respublikasının Sədri Si Cinpin Şimali Koreya lideri Kim Çen In ilə keçirdiyi mühüm Pxenyan sammitində Pekinin KXDR ilə ortaq maraqları qorumaq öhdəliyinə sadiq qalacağını və Kim Çen In rəhbərliyinə dəstəyini davam etdirəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə görüşün yekunlarına dair Çinin rəsmi hesabatında məlumat yayılıb.
Görüş zamanı Si Cinpin iki qonşu ölkənin strateji əlaqələri gücləndirməli, suverenlik, təhlükəsizlik və inkişaf maraqlarını qətiyyətlə qorumalı olduqlarını vurğulayıb. Pekinin bu addımı Pxenyanla münasibətləri daha da yaxınlaşdırmaq niyyəti kimi qiymətləndirilir.
Çin liderinin Şimali Koreyaya son yeddi ildə ilk dəfə baş tutan bu ikigünlük səfəri, Pxenyanın Rusiya ilə artan ticarət və hərbi əlaqələr sayəsində iqtisadiyyatını gücləndirdiyi bir vaxta təsadüf edir.
Bu il ilk xarici səfərini reallaşdıran Si Cinpin Şimali Koreya liderinə müraciətlə deyib:
"Burada olmaqdan dərin məmnunluq duyuram və xüsusi bir yaxınlıq hiss edirəm".
"Beynəlxalq vəziyyətdən asılı olmayaraq, dostluğumuz dəyişməz qalacaq"
Rəsmi sənəddə qeyd olunub ki, Çin rəhbəri beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, ölkəsinin Şimali Koreya ilə ənənəvi dostluq əlaqələrinə yüksək dəyər verməkdə davam edəcəyini bir daha təsdiqləyib.
Si Cinpin iki ölkə arasındakı müttəfiqliyin gələcəyinə toxunaraq xüsusilə vurğulayıb:
“Yoldaş Baş Katib Kim Çen Inın KXDR-in sosializm işinə rəhbərliyinə olan qəti dəstəyimiz dəyişməyəcək. Eyni zamanda, ortaq maraqlarımızı və yaxşı strateji mühiti qorumaq barədə qətiyyətimiz sarsılmaz olaraq qalacaq”.
Xədicə BAXIŞLI













