Aİ-nin yeni qərarı Ukraynanı çətin vəziyyətə sala bilər
Avropa Birliyinin (Aİ) polad idxalına tətbiq etdiyi yeni məhdudiyyətlərin Ukraynanın metallurgiya sənayesinə ciddi zərbə vuracağı bildirilir.
Redaktor.az xəbər verir ki, bu haqda Britaniyanın “The Guardian” qəzeti yazıb.
Aİ Çinin yaratdığı qlobal polad artıqlığı fonunda proteksionist tədbirləri sərtləşdirib. Nəşr qeyd edir ki, bu addımlar Ukraynanın polad ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdıra və ölkə büdcəsinin gəlirlərinə mənfi təsir göstərə bilər.
Məlumata əsasən, Aİ-yə tarifsiz daxil ola bilən polad məhsulları üzrə kvotalar iki dəfə azaldılıb. Eyni zamanda, müəyyən edilmiş kvotadan artıq idxal olunan məhsullara tətbiq edilən rüsumlar da artırılaraq 50 faizə çatdırılıb.
Qəzet vurğulayır ki, bu qərarlar Aİ-nin əvvəllər Ukraynaya verdiyi qeyd-şərtsiz dəstək vədləri ilə ziddiyyət təşkil edir. Nəşrin qiymətləndirməsinə görə, yeni ticarət məhdudiyyətləri Ukrayna iqtisadiyyatının əsas sahələrindən biri olan metallurgiya sektorunu ciddi çətinliklərlə üz-üzə qoya bilər.
Aytəkin TOFİQQIZI













