Hörmüz boğazı Rusiya və Çin üçün açıq qalacaq - İran səfiri

 09:43 11.06.2026     246

İran Hörmüz boğazını dost ölkələr, o cümlədən Rusiya və Çin üçün açıq saxlayacaq.

Redaktor.az xəbər verir ki, bunu İranın Tokiodakı səfiri Peyman Səadət TASS-a açıqlamasında deyib.

Səfir bildirib ki, düşmən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək.

“Düşmən gəmiləri Hörmüz boğazından keçə bilməz, boğaz onlar üçün bağlıdır. Digər gəmilər isə hərəkətlərini bizimlə koordinasiya etməlidirlər”, – deyə diplomat vurğulayıb.

Peyman Səadətin sözlərinə görə, İran son terror aktlarından sonra Hörmüz boğazını bağlamaq qərarı verib. O qeyd edib ki, ölkənin təhlükəsizliyinə qarşı real təhdid məhz bu istiqamətdən yaranıb.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bəyan etmişdi ki, Hörmüz boğazına yaxınlaşan istənilən gəmi “düşmənlə əməkdaşlıq” kimi qiymətləndirilə bilər. Buna görə də gəmilərə limanlarda qalmaq tövsiyə olunub.

İyunun 11-nə keçən gecə İran Hörmüz boğazını bütün gəmilər, o cümlədən neft tankerləri və ticarət gəmiləri üçün bağladığını açıqlayıb. İran ordusunun “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında qeyd olunub ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəfə alınacaq.

İran hərbi rəhbərliyi bu qərarı ABŞ tərəfindən ölkənin cənubunda yerləşən Hörmüzgan əyalətinin bəzi bölgələrinə edilən hücumlar və Vaşinqtonun “düşmən fəaliyyətlərinin davam etməsi” ilə əlaqələndirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən