Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan təbrik məktubunda regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərin uğurla nəticələnəcəyinə inandığını bildirib.
Türkiyə lideri həmçinin Ermənistan rəhbərliyinin regional əməkdaşlıq və sabitliklə bağlı strateji baxışının həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə təbrik məktubunda ölkəsinin Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına və konstruktiv əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb.
Şərif qeyd edib ki, “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə əldə etdiyi qələbə Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə töhfə verə bilər.
Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə çoxluğu əldə edərək hökuməti formalaşdırmaq hüququ qazanıb.













