İranın ABŞ ilə 14 maddəlik razılaşmasının DETALLARI

 12:52 12.06.2026     361

İran və ABŞ arasında imzalanması gözlənilən 14 maddəlik razılaşmanın detalları açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd layihəsində ABŞ-nin İrana qarşı sanksiyaları mərhələli şəkildə ləğv etməsi, dəniz blokadasını aradan qaldırması və İranın dondurulmuş vəsaitlərinin azad olunması kimi öhdəliklər yer alır.

İran isə Hörmüz boğazının açılması ilə razılaşıb.

Bundan başqa, ABŞ İran iqtisadiyyatının bərpası layihəsini təqdim etməlidir.

Sənədin detalları aşağıdakı kimidir:

- Bütün cəbhələrdə, o cümlədən Livanda atəşin daimi və dərhal dayandırılması;

- ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi;

- Dəniz blokadasının 30 gün ərzində tam aradan qaldırılması;

- ABŞ-nin İran ətrafındakı qüvvələrini çıxarmaq öhdəliyi;

- Hörmüz boğazının 30 gün ərzində İranın müəyyən etdiyi qaydalarla açılması;

- Neft, neft-kimya məhsulları satışına dair sanksiyaların dayandırılması və İranın həmin vəsaitlərə tam çıxışının təmin olunması;

- ABŞ və müttəfiqləri tərəfindən İranın yenidənqurulması üçün azı 300 milyard dollar həcmində planların təqdim edilməsi zərurəti;

- Nüvə məsələləri əsasında yekun razılaşmaya nail olmaq və ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının qətnamələrinin tam ləğvi üçün 60 günlük danışıqların aparılması;

- İranın NPT çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi;

- Danışıqlar dövründə ABŞ-nin regiondakı qüvvələrini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi;

- Yekun danışıqların 60 günlük mərhələsi ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İranın istifadəsinə verilməlidir;

- Razılaşmanın icrası üçün nəzarət mexanizminin yaradılması;

- Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi;

- Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, İran neftinə tətbiq edilən sanksiyaların dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, zənginləşdirmə, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı olacaq. İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələsi isə tam şəkildə gündəlikdən çıxarılıb.

Məlumata görə, razılaşma İranda aidiyyəti qurumlarda müzakirə edilməli və yekunlaşdırılmalıdır.

Vumart və Güvən reklamı Vumart Güvən