ABŞ və İran arasında tarixi anlaşma? - Cenevrədə mühüm mərasim gözlənilir

 15:42 12.06.2026     222

ABŞ Vitse-prezidenti Cey Di Vensin Cenevrəyə mümkün səfəri ilə bağlı hazırlıqlara başlanıldığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” nəşri məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 11-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi Vensin mümkün səfəri üçün zəruri avadanlıqları Cenevrəyə çatdırmaq məqsədilə Avropaya yola düşüb.

Bildirilib ki, Ağ Evdəki dörd mənbənin məlumatına əsasən, ABŞ Vitse-prezidenti iyunun 14-də Cenevrədə keçirilə biləcək İranla anlaşma memorandumunun imzalanma mərasimində Vaşinqtonu təmsil edə bilər.

Qeyd olunub ki, sözügedən memorandum iki ölkə arasında gərginliyin azaldılmasını və qarşılıqlı etimadın artırılmasını nəzərdə tutur.

Sənədə əsasən, İran Hörmüz boğazında ticarət gəmilərinə hücum etməmək, həmçinin İraq və Suriyadakı müttəfiq qüvvələrinin ABŞ obyektləri və hərbçilərinə qarşı hücumlarının qarşısını almaq öhdəliyi götürür.

Bunun müqabilində ABŞ-nin İrana qarşı bəzi sanksiyaları qismən yumşaltması, xaricdə dondurulmuş maliyyə vəsaitlərinə məhdud çıxış verməsi və müəyyən malların idxalına icazə yaratması nəzərdə tutulur.

Məlumata görə, memorandumun imzalanması ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən