Ermənistanda seçki qalmaqalı: Məhkəmə Tsarukyanın şikayətini rədd etdi

 10:36 14.06.2026     237

Ermənistan Apelyasiya məhkəməsi Qagik Tsarukyanın iddiasını rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan" partiyasının sözçüsü İveta Tononyan məlumat yayıb.

Məlumata görə, Ermənistanda İnzibati Məhkəmə (apelyasiya instansiyası) iş adamı Qagik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iki iddianı rədd edib. Partiya MSK-nın iki seçki məntəqəsinin nəticələrini ləğv etmək qərarının etibarsız hesab olunmasını tələb edirdi. Tononyan qeyd edib ki, məhkəmə iddiaları rədd etsə də, hakim Artur Avakyan qanun pozuntusunu və təkrar səsvermənin zəruriliyini rəsmən qeydə alıb. Bu səbəbdən partiya tərəfdarlarını və ictimaiyyəti bu gün saat 17:30-da seçkilərin yekun nəticələrinin elan olunacağı MSK binasının qarşısına toplaşmağa çağırıb.

Daha əvvəl "Çiçəklənən Ermənistan"ın vəkili Aram Orbelyan bildirmişdi ki, MSK-nın səsvermə nəticələrinə baxmaq və onları müstəqil şəkildə ləğv etmək hüququ yoxdur. O vurğulayıb ki, qanunvericiliyə görə, məntəqələrdə nəticələr etibarsız sayılarsa, mütləq təkrar səsvermə təyin edilməli idi, lakin bu addım atılmayıb.

Bildirilib ki, iyunun 12-də MSK həmin iki məntəqədə nəticələrə ciddi təsir göstərə biləcək qanun pozuntularını etiraf edərək səsləri etibarsız sayıb. Bir sıra ictimai-siyasi xadimlər bu qərarın bilərəkdən "Çiçəklənən Ermənistan" partiyasının parlamentə düşməsinin qarşısını almaq və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" Partiyasının konstitusiya çoxluğunu təmin etmək məqsədi daşıdığını iddia edirlər.

Xatırladaq ki, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Paşinyanın partiyası 49,825%, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,281%, Robert Köçəryanın "Ermənistan" bloku isə 9,934% səs toplayıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 3,996% səs yığaraq parlament baryerini keçə bilməyib. Seçkilərdə ümumi iştirak faizi 58,97% təşkil edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən