Fon der Leyen Kallasın 1 milyardlıq imperiyasını dağıdır? - Brüsseldə qadınların savaşı

 12:25 14.06.2026     269

Avropa İttifaqının (Aİ) iki ən güclü qadın rəsmisi – Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas arasında gərginlik pik həddə çatıb. Fransanın Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) islahat aparmaq təklifinin pərdəarxasında məhz bu gərginliyin dayandığı iddia olunur.

Redaktor.az “Euronews” telekanalının Brüsseldəki diplomatik mənbələrinə istinadən xəbər verir ki, Avropa Xarici İşlər Nazirliyində (EEAS) planlaşdırılan islahat qalmaqalı əslində qurumdaxili "taxt oyunları"ndan qaynaqlanır.

Məlumata görə, Brüssel rəsmiləri Ursula fon der Leyeni blokun xarici siyasəti ilə bağlı bir çox məsələlərdə təkbaşına qərarlar verən və Kallasın rəsmi mövqeyini sarsıdan "özünü geosiyasi oyunçu elan etmiş" lider kimi xarakterizə edirlər. Telekanalın qənaətinə görə, təklif olunan bu islahat strategiyası əslində fon der Leyenin Avropa Xarici İşlər Nazirliyinin (EEAS) rolunu boğmaq və Kaja Kallası vəzifəsindən uzaqlaşdırmaq (fəaliyyətsizləşdirmək) üçün hazırladığı məkrli plandır.

Qeyd edək ki, mövzu ilə bağlı beynəlxalq mediada ziddiyyətli məlumatlar dolaşır. Daha əvvəl "Reuters" agentliyi rəsmi sənədə istinadən xəbər vermişdi ki, Fransa Brüsselə Aİ diplomatik xidmətinin və şəxsən Kallasın rolunu gücləndirməyi təklif edib.

Bunun tam əksinə olaraq, "Financial Times" (FT) qəzeti isə Avropa ölkələrinin Kallasın və onun rəhbərlik etdiyi 1 milyard avroluq nəhəng departamentin səlahiyyətlərini tamamilə əlindən almağı düşündüyünü yazır. Qəzetin iddiasına görə, əsas hədəf AİX-in (EEAS) funksiyalarını birbaşa Aİ üzvü olan dövlətlərin özünə ötürməkdir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən