"Heç kim uranı gəlib götürə bilməz" - Moskvadan Vaşinqtona İran CAVABI

 16:55 14.06.2026     299

Rusiyalı senator Aleksey Puşkov özünün "Telegram" kanalında ABŞ Prezidenti Donald Trampın İranın yüksək dərəcədə zənginləşdirilmiş uran məsələsinə tapdığı həll yolunu kəskin tənqid edərək, bunu "heyrətamiz dərəcədə" qeyri-real adlandırıb.

Redaktor.az xəbər verir ki, senator Trampın Tehranla müqavilə bağladıqdan sonra ölkədəki "nüvə tozunu" toplayacağı və İranın yüksək dərəcədə zənginləşdirilmiş uranının məhv ediləcəyi barədə açıqlamasına münasibət bildirib.

Puşkov qeyd edib ki, Tramp çox güman ki, bu dediklərinə "özü də inanmır".

Rusiyalı siyasətçinin sözlərinə görə, Amerika prezidenti İranı yüksək dərəcədə zənginləşdirilmiş uranı hərbi yolla təhvil verməyə məcbur edə bilməyib və regionda vəziyyət sabitləşərsə, İslam Respublikası belə bir addıma əsla razı olmayacaq.

Puşkov vurğulayıb ki, "nüvə tozunun" saxlama yerindən çıxarılması üçün geniş planlaşdırma, xeyli səy, İranın tam razılığı və MAQATE-nin birbaşa iştirakı tələb olunur, çünki bu cür radioaktiv maddələrin daşınması müstəsna dərəcədə yüksək təhlükəsizlik tədbirləri deməkdir. Buna görə də, Amerika xüsusi təyinatlı qüvvələrinin gizli şəkildə həmin obyektlərə sızıb uranı çıxarması qeyri-mümkündür.

"Trampın bunu etmək niyyəti yoxdur. O, sadəcə jurnalistlərə cavab verməli və ictimai rəyi sakitləşdirməlidir, çünki o, çox vaxt İranı uran ehtiyatlarından məhrum edəcəyinə söz verib. Bundan heç bir nəticə çıxmayacağını anlayan Tramp sadəcə ritorik həll yolu axtarır. İran ehtiyatlarının taleyi, şübhəsiz ki, gələcək danışıqların mövzusu olacaq, lakin bu, hərbi deyil, siyasi və diplomatik məsələdir", — deyə senator əlavə edib.

Sonda Puşkov qeyd edib ki, Tehranın rəsmi razılığı olmadan heç kim uranı gəlib götürə bilməz və bu ssenari real həyatda deyil, "yalnız Amerika prezidentinin ritorik fantaziyalarında" mümkündür.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən