İsraildən şimal bölgəsinə edilən dron hücumlarına CAVAB
İsrail ordusu Livanın paytaxtı Beyrutda "Hizbullah" qruplaşmasına məxsus olduğunu bildirdiyi strateji hədəfə hava zərbəsi endirib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Məlumata görə, bu addım Livan ərazisindən İsrailin şimalına doğru buraxılan üç pilotsuz uçuş aparatının (PUA) ardınca atılıb. İsrail Müdafiə Qüvvələri (IDF) həmin dronların ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirildiyini bəyan edib.
IDF-in rəsmi açıqlamasında qeyd olunub ki, Beyrutun cənub ətrafına endirilən zərbənin əsas hədəfi "Hizbullah"ın PUA-larının saxlanıldığı və idarə olunduğu hərbi obyekt olub. İsrail tərəfi bu infrastrukturun birbaşa İsrailin şimal bölgələrinə qarşı hücumların təşkilində istifadə edildiyini iddia edir.
İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin öz ərazisinə yönələn hücumlara qarşı güzəştsiz olacağını vurğulayıb:
"İsrail ərazisinə qarşı yönəlmiş atəşə dözümlü yanaşmayacağıq. Beyrutda sakitlik yalnız Qalileyada sakitlik olduğu halda mümkün olacaq".
Livanın dövlət xəbər agentliyi (NNA) isə Beyrutun cənubundakı Dahiyə bölgəsində güclü partlayış səslərinin eşidildiyini və dərhal əraziyə çoxlu sayda təcili yardım maşınlarının cəlb olunduğunu bildirib. Hadisə nəticəsində ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.













