ABŞ və İran arasında tarixi addım: Anlaşma memorandumunun DETALLARI

 17:15 14.06.2026     317

ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunun yekun layihəsi Hörmüz boğazının yenidən açılmasını, Tehrana qarşı tətbiq edilən neft sanksiyalarının ləğvini və 60 gün ərzində yekun razılaşmanın hazırlanmasını nəzərdə tutur.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İranın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Layihəyə əsasən, İran tərəfi Hörmüz boğazını dərhal bütün kommersiya gəmiçiliyi üçün açacaq, ABŞ isə öz növbəsində İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını ləğv edəcək. Bildirilir ki, rəsmi Vaşinqton memorandumun imzalanmasından dərhal sonra blokadanın qaldırılması prosesinə başlayacaq və bu proses 30 gün ərzində tam başa çatacaq.

Sənəddə qeyd olunur ki, yekun sənəd imzalanana qədər ABŞ İrana qarşı heç bir yeni sanksiya tətbiq etməməyi öhdəsinə götürür. Daha sonra isə ABŞ və BMT-nin İrana qarşı mövcud olan bütün sanksiyaları əvvəlcədən təsdiq edilmiş xüsusi cədvələ uyğun olaraq mərhələli şəkildə ləğv ediləcək. Vaşinqton həmçinin Tehranın öz neftini sərbəst satması və gəlir əldə etməsi üçün neft sanksiyalarını müvəqqəti olaraq dayandıracaq.

"ABŞ İranın xaricdə dondurulmuş 25 milyard dollar dəyərində aktivlərinin sərbəst buraxılmasına razılıq verib. Bu vəsaitlərin açılmasına birbaşa nağd pul köçürmələri, regional ölkələr arasında əməkdaşlıq və xüsusi kredit xətləri daxil edilib. Eyni zamanda, Vaşinqton regional müttəfiqləri ilə koordinasiyalı şəkildə İranın yenidən qurulması və inkişafı üçün böyük plan hazırlayacaq. Bu plan 60 gün ərzində Tehranla razılaşdırılmalıdır", — deyə agentlik vurğulayıb.

Öhdəliklərin qarşılıqlı icrası çərçivəsində Tehran hakimiyyəti nüvə silahı istehsal etməmək və ya əldə etməmək barədə qəti öhdəlik götürür. Yekun razılaşma əldə olunana qədər İslam Respublikası öz nüvə proqramının hazırkı status-kvosunu qoruyacaq, uranı daha yüksək səviyyədə zənginləşdirməyəcək və nüvə obyektlərini genişləndirməyəcək.

Qeyd edək ki, İranın nüvə proqramının gələcəyi, Tehranın uran zənginləşdirmə fəaliyyətləri və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının idarə olunması mexanizmləri memorandumun imzalanmasından sonrakı 60 günlük müddət ərzində tərəflər arasında geniş şəkildə müzakirə ediləcək.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən