Almaniya NATO daxilində Avropanın ən güclü ordusunu qurur

 19:00 14.06.2026     185

Almaniya NATO çərçivəsində Avropanın ən güclü konvensional (mütəşəkkil, adi) ordusunu formalaşdırmaq niyyətində olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı Almaniyanın ABŞ-dəki səfiri Yens Hanefeldin açıqlamalarına istinadən məlumat yayıb.

Səfir Hanefeld bildirib ki, Almaniya rəsmi Berlin olaraq Avropanın təhlükəsizliyi ilə bağlı üzərinə daha böyük məsuliyyət götürməyə tam hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə regionda mövcud olan bütün təhlükəsizlik anlayışını kökündən dəyişib.

"Almaniya üzərinə düşən məsuliyyəti artırır", — deyə səfir "Fox News"a müsahibəsində vurğulayıb. Diplomat əlavə edib ki, ölkəsinin NATO daxilində Avropanın ən güclü konvensional ordusuna çevrilməsi Berlin üçün uzunmüddətli və qəti bir öhdəlikdir.

Yayılan məlumatda qeyd olunur ki, bu hərbi doktrina dəyişikliyi İkinci Dünya müharibəsindən sonra müdafiə məsələlərində həmişə ehtiyatlı və passiv mövqe sərgiləyən Almaniya üçün tarixi dönüş nöqtəsi hesab olunur. Berlin uzun illər ABŞ-nin təhlükəsizlik çətirinə arxalanıb və NATO-nun müdafiə xərcləri ilə bağlı müəyyən etdiyi hədəflərdən geri qaldığı üçün tez-tez Vaşinqton administrasiyası tərəfindən tənqid hədəfinə çevrilirdi.

Hərbi ekspertlərin fikrincə, Almaniyanın müdafiə sənayesini rəqəmsallaşdırması və hərbi imkanlarını bu dərəcədə genişləndirməsi NATO-nun gələcək kollektiv təhlükəsizlik strategiyasında olduqca mühüm rol oynayacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən