"Uran BMT-nin nəzarəti altında zərərsizləşdirilməlidir" - Makrondan İran BƏYANATI
Fransa Prezidenti Emmanuel Makron G7 sammiti ərəfəsində Vaşinqton və Tehran arasında əldə edilən çərçivə razılaşmasının həyata keçirilməsi üçün mümkün olan hər şeyin edilməli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Euronews" Makronun Fransanın TF1 televiziya kanalına verdiyi müsahibəyə istinadən məlumat yayıb.
Məlumata görə, Makron Fransa tərəfinin Hörmüz boğazının açılması səylərinin bir hissəsi olaraq bölgəyə təyyarələr və minaaxtaran freqat yerləşdirə biləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, beynəlxalq razılaşma əldə olunarsa, bu freqatlar "iki-üç gün ərzində" sözügedən əraziyə göndərilə bilər.
Fransa Prezidenti Hörmüz boğazının sərbəst naviqasiya üçün açıq qalmalı olduğunu vurğulayaraq, "heç bir ittihamın olmaması üçün hər şeyi edəcəyik" deyə əlavə edib. Makron həmçinin boğazın ödənişli əsasda açılmasının beynəlxalq hüququn pozulması mənasına gələcəyini bəyan edib.
"France 24"ün yaydığı digər məlumata görə, Makron Fransa və Britaniyanın ABŞ-İran razılaşması reallığa çevrildikdən sonra dəniz yolunun yenidən açılmasına kömək etmək məqsədilə Hörmüz boğazında xüsusi missiyaya rəhbərlik etməyə hazır olduqlarını bildirib. Sözügedən missiya Hollandiya və İtaliya tərəfindən də dəstəklənir.
Yekunda Makron İranın zənginləşdirilmiş uranının mütləq şəkildə BMT-nin nəzarəti altında "zərərsizləşdirilməli" olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp da İranla bağlanan müqavilənin bu su yolunun "daimi azadlığını" təmin edəcəyini bəyan etmişdi.
Aminə ŞAHSUVARQIZI













