Ukrayna donanmasında yeni gəmi: Hollandiyadan növbəti "mina ovçusu" gəldi

 17:24 15.06.2026     280

Ukrayna Hərbi Dəniz Qüvvələri Hollandiyadan daha bir mina əleyhinə gəmi təhvil alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa məlumat yayıb.

Komandanın sözlərinə görə, "Dəniz imkanları koalisiyası"nın fəaliyyəti çərçivəsində hollandiyalı tərəfdaşlar Ukrayna Hərbi Dəniz Qüvvələrinə "Alkmaar" sinifli mina ovçusu bağışlayıblar. Neyjpapa öz "Facebook" hesabında etdiyi paylaşımda bu çatdırılmadan sonra Ukrayna donanmasındakı mina əleyhinə gəmilərin sayının 5-ə çatdığını bildirib.

O əlavə edib ki, daha əvvəl Böyük Britaniya Ukraynaya "Sandown" sinifli "Çerkası" və "Çernıqov" gəmilərini, Belçika və Hollandiya isə birgə şəkildə "Alkmaar" sinifli "Melitopol" və "Mariupol" gəmilərini təhvil verib.

Məlumata görə, Niderland həmçinin Ukrayna hərbi qulluqçularının təlim prosesində də yaxından iştirak edir. Belə ki, 2022-ci ildən bəri Hollandiyanın dəstəyi ilə təxminən 60.000 ukraynalı hərbçi təlim keçib.

Xatırladaq ki, Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynada hərbi əməliyyatlara başlamasından bəri, Avropa İttifaqı (Aİ) və ona üzv dövlətlər Kiyevə maliyyə, hərbi, humanitar dəstək və ukraynalı qaçqınların yerləşdirilməsi xərcləri də daxil olmaqla ümumilikdə təxminən 200 milyard avro yardım göstəriblər. Bundan əlavə, 2026-cı ilin aprel ayında Aİ ölkələri Kiyevə 2026-2027-ci illər üçün daha 90 milyard avroluq əlavə tranşın ayrılması barədə də razılığa gəliblər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən