"Tramp və Makron da oradadır, görüşək" - Zelenskidən Putinə G7 ÇAĞIRIŞI

 18:58 15.06.2026     281

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə 15-17 iyun tarixlərində Fransada keçiriləcək G7 sammiti çərçivəsində danışıqlar aparmağı təklif etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Rusiyanın son hücumlarından sonra yanğın baş verən Kiyev Peçersk Lavrasını ziyarəti zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Zelenski bildirib ki, sammitdə ABŞ və Fransa Prezidentləri Donald Tramp ilə Emmanuel Makron da iştirak edəcəyi üçün bu platforma bütün tərəflərin bir araya gəlməsi baxımından mühüm fürsətdir: "Biz G7 sammiti zamanı Putinlə görüşməyə hazır olduğumuz mesajını çatdırdıq. Çünki orada Tramp və Makron, yəni avropalılar və Amerika olacaq. Düşünürəm ki, bu, hər kəsin birlikdə görüşməsi üçün çox yaxşı fürsətdir".

Lakin Ukrayna lideri Rusiyanın növbəti dəfə sülhə meylli olmadığını nümayiş etdirdiyini vurğulayıb: "Avropa və ABŞ razılığa gəldilər, amma Rusiya bir daha göstərdi ki, danışıqlara hazır deyil".

Xatırladaq ki, Zelenski iyunun 4-də Putinə ünvanladığı açıq məktubda şəxsi görüş təklif etmiş və müharibənin Rusiya iqtisadiyyatına yükünün getdikcə artdığını qeyd etmişdi. Rusiya Prezidenti Vladimir Putin isə cavabında bu görüş üçün heç bir səbəb görmədiyini, Ukrayna PUA-larının hücumlarının Rusiya üçün hər hansı bir iqtisadi təhlükə yaratmadığını iddia etmişdi.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən