Tanınmış bloqer və əri dələduzluqda ittiham olunur - FOTO
Rusiyanın Yekaterinburq şəhərində tanınmış bloqer Yekaterina Ulanova və həyat yoldaşı Aleksey Ulanov barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi məhkəməyə göndərilib.
Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.
Sverdlovsk vilayəti Prokurorluğunun məlumatına görə, istintaq onların fəaliyyətindən zərər çəkmiş 246 nəfəri zərərçəkmiş qismində tanıyıb. İddialara əsasən, cütlüyün vurduğu ümumi zərər 130,7 milyon rubldan çoxdur.
İstintaq müəyyən edib ki, Yekaterina Ulanova 2021-ci ilin dekabr ayından etibarən sosial şəbəkələr və messencerlərdə müxtəlif məhsulların satışı ilə bağlı elanlar yayıb. O, malların aşağı qiymətlə əldə olunacağı, həmçinin daha bahalı məhsullara və əlavə imtiyazlara çıxış verən sertifikatlar, lotlar və abunəliklərin satıldığı barədə yalan məlumatlar təqdim edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, müştərilər ödəniş etdikdən sonra bloger onlarla əlaqəni kəsib və öhdəliklərini yerinə yetirməyib.
İstintaqın qənaətinə əsasən, 2021-ci ilin dekabrından 2025-ci ilin aprelinədək Ulanovanın fəaliyyəti nəticəsində 130,7 milyon rubldan artıq ziyan vurulub. Bildirilir ki, o, 2022-ci ilin avqustundan 2025-ci ilin yanvarınadək həyat yoldaşı Aleksey Ulanovla birlikdə mütəşəkkil qrup tərkibində fəaliyyət göstərib.
NURİYYƏ














