“Qartal Tərəfdaş 2026” Ermənistanın Qərbə yönəldiyini göstərir - Rusiyalı ekspert

 17:20 16.06.2026     237

Ermənistanda keçiriləcək “Qartal Tərəfdaş 2026” birgə hərbi təlimləri rəsmi İrəvanın Qərbə inteqrasiya kursunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirilib.

Redaktor.az xəbər verir ki, bu fikri hərbi ekspert İvan Konovalov gazeta.ru-ya açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, Ermənistan hazırda mürəkkəb siyasi mərhələdən keçir və ölkədə parlament böhranı müşahidə olunur.

“Baş nazir Nikol Paşinyanın partiyası ən çox səs toplasa və hökumət qurmaq imkanına malik olsa da, müxalifət qüvvələri birlikdə onun parlament çoxluğunu təmin etməsinə mane olurlar. Bu isə ciddi siyasi qarşıdurmalara səbəb ola bilər”, - deyə Konovalov bildirib.

Onun fikrincə, belə bir şəraitdə ABŞ və Fransa hərbçilərinin Ermənistanda iştirakı Paşinyan hakimiyyətinin son illərdə formalaşdırdığı siyasi xətti möhkəmləndirməyə hesablanıb.

“Bu, Ermənistan rəhbərliyinin Qərbə yönəldiyini nümayiş etdirmək cəhdidir”, - deyə analitik vurğulayıb.

Konovalov əlavə edib ki, Ermənistanın siyasi və iqtisadi baxımdan Qərbə yaxınlaşması fonunda “Qartal Tərəfdaş” hərbi təlimləri Moskva tərəfindən Rusiyaya qarşı təxribat xarakterli addım kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, “Qartal Tərəfdaş 2026” hərbi təlimləri Ermənistan, ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə keçiriləcək.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən