İran rəsmisi Hörmüz boğazından keçidlərə görə ödəniş təklif ETDİ
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Hörmüz boğazından keçən gəmilərin gələcəkdə bunun üçün ödəniş etməli ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, İran rəsmisi bu barədə çıxışı zamanı danışıb.
Arif qeyd edib ki, uzun illər ərzində İranın “qonaqpərvərliyi” sayəsində Hörmüz boğazından keçən bir çox gəmi heç bir ödəniş etmədən hərəkət edib.
“İran xalqının qonaqpərvərliyi sayəsində Hörmüz boğazından bir çox keçid pulsuz olub. Lakin qonağın qalması uzadıldıqda, qonaq öz xərclərini özü ödəməlidir”, - deyə o bildirib.
Vitse-prezident çıxışında ABŞ ilə aparılan danışıqlara da toxunaraq, bu məsələ ilə bağlı ölkə daxilindəki fikir ayrılıqlarının siyasi qarşıdurmaya çevrilməməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, daxili mübahisələr milli maraqlardan üstün tutulmamalıdır.
“İki qardaş arasındakı mübahisəni belə həll edə bilməyənlər İslam Respublikası ilə Qərb arasındakı tarixi və strateji fərqlərin həlli üçün necə həll yolları təqdim edə bilərlər?”, - deyə Arif qeyd edib.
Aminə ŞAHSUVARQIZI













