Dünyanın ən varlı şəxsləri bir gündə rekord məbləğ QAZANDI

 17:54 16.06.2026     227

Dünyanın ən varlı 500 insanının ümumi sərvəti bir gündə rekord həddə artaraq 336 milyard dollar yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Milyarderlərin Səhm İndeksinin (BBI) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Nyu-York birjasında ticarətin bağlanmasına qədər dünyanın ən varlı 500 şəxsi sərvətlərini ümumilikdə 336 milyard dollar artırıb. Bu göstərici tarix ərzində bir gün ərzində qeydə alınan ən böyük artım kimi qiymətləndirilir.

Məlumata görə, dünyanın ən varlı şəxsi, sahibkar İlon Maskın sərvəti bir gündə 164 milyard dollar artaraq 1,27 trilyon dollara çatıb.

“Meta” şirkətinin təsisçisi Mark Zukerberqin sərvəti 9,16 milyard dollar, “Oracle” şirkətinin həmtəsisçisi Larri Ellisonun sərvəti isə 8,92 milyard dollar yüksəlib.

“Google” şirkətinin təsisçiləri Larri Peyc və Sergey Brinin sərvətləri müvafiq olaraq 7,61 milyard dollar və 7,01 milyard dollar artıb. “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos isə bir gündə 6,96 milyard dollar qazanıb.

“Bloomberg”in məlumatına əsasən, bu artım ABŞ fond bazarlarında müşahidə olunan yüksəliş fonunda baş verib.

İyunun 15-də ABŞ-nin əsas fond indekslərindən “Dow Jones” sənaye indeksi 0,92 faiz yüksələrək yeni rekord həddə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi isə günü 3,07 faiz artımla başa vurub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən